Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC və Çinin V-Flo şirkəti arasında müxtəlif növ nasosların istehsalı sahəsində əməkdaşlığın qurulması ilə bağlı işgüzar görüş keçirilib.
Video formatda keçirilən görüşdə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Elşad Nuriyev Azərbaycanda fəaliyyət göstərən sənaye parkları, sahibkarlar üçün yaradılmış əlverişli şərait, rezidentlər üçün tətbiq edilən güzəştlər və göstərilən xidmətlər barədə iştirakçıları məlumatlandırıb.
Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələri, ölkəmizin biznes və investisiya mühiti barədə məlumat verib.
AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev ixracın təşviqi istiqamərində həyata keçirilən tədbirlərdən danışıb.
Çinin V-Flo şirkətinin nümayəndəsi Kingston Wen şirkətin fəaliyyət istiqamətləri barədə görüş iştirakçılarını məlumatlandırıb, Sumqayıt Kimya Sənaye Parkında müxtəlif növ nasosların istehsalı layihəsini həyata keçirməkdə maraqlı olduqlarını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.