Əfqanıstanlı iş adamı Sumqayıt Kimya Sənaye Parkında olub
24 October,2019 14:09

24 oktyabrda Əfqanıstanda neft-qaz istehsalı ilə məşğul olan “Hamid Enerji” şirkətinin rəhbəri Hamid Sadiqi Sumqayıt Kimya Sənaye Parkında olub.

 

İş adamına ölkədə innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə yaradılan sənaye parkları barədə məlumat verilib. Bildirilib ki, sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün bir çox stimullaşdırıcı tədbirlər həyata keçirilir. Belə ki, sənaye parklarının rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azad olunurlar.

 

Görüş çərçivəsində Sənaye parklarının təqdimatı keçirilib.

 

Əfqanıstanlı iş adamı yerli bazardan (SOCAR) alınacaq xammal hesabına Sumqayıt Kimya Sənaye Parkında bir çox nəqliyyat vasitələri üçün müxtəlif növ mühərrik yağlarının istehsalını həyata keçirəcək müəssisə qurmaq niyyətində olduğunu bildirib.

 

Sonda sənaye parklarına sərmayə yatırılmasının prespektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və ünvanlanan suallar cavablandırılıb.

 

Daha sonra iş adamı Sumqayıt Kimya Sənaye Parkının ərazisində görülmüş işlərlə tanış olub.