“Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb
20 September,2021 15:37

Sentyabrın 20-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa edilən “Akademik Xoşbəxt Yusifzadə” neftdaşıyan tankeri inşasının davam etdirilməsi məqsədilə suya salınıb.

 

Gəmi konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosunun və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təcrübəli mütəxəssisləri tərəfindən birgə hazırlanan tanker maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don çayından keçmək imkanına malikdir. “Akademik Xoşbəxt Yusifzadə” tankerinin uzunluğu 141 metr, eni 16,9 metr, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi saatda 10 uzel sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9212 kub metr olan 6 yük çəninə malikdir.