Qarabağda yaradılan sənaye zonaları

Qarabağın dirçəldilməsi prioritetinə uyğun olaraq, regionunun sənaye potensialının reallaşdırılması, ölkə iqtisadiyyatına reinteqrasiyası, əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə Ağdam şəhərində Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda isə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye parklarında sahibkarlar üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. Belə ki, sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları xətləri ilə təmin edilirlər. Onlar qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara:

 

  • Xüsusi güzəştli bank kreditləri (90%-dək dövlət zəmanəti,10% subsidiya);
  • Kommunal ödənişlərinə 20% kəşbək (cahback);
  • Dividend gəlirlərində vergidən azad olma;
  • Sosial sığorta ödənişləri üzrə dövlət subsidiyası;
  • Mənfəətin və kapitalın repatriasiyasının vergidən tam azad olması;
  • Xamma idxalında gömrük və ƏDV güzəştləri (Nazirlər Kabinetinin müəyyən etdiyi siyahı üzrə).

 

Ağdam Sənaye Parkı

 

Ağdam Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 28 may 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Park 190 hektar ərazini əhatə edir. Ağdam Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib. Hazırda Sənaye Parkında 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-reizdentlik statusu verilib. Parkda hazırda 9 müəssisə fəaliyyət göstərir.

 

 

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı

 

 

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Park 200 hektar ərazini əhatə edir. Sənaye Parkının əsas fəaliyyət istiqaməti kimi logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük anbarlarının, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması müəyyənləşdirilib. Hazırda Sənaye Parkında 13 sahibkarlıq subyektinə rezidentlik, 1 sahibkara isə qeyri-reizdentlik statusu verilib. Parkda hazırda 1 müəssisə fəaliyyət göstərir.