Sənaye zonalarında və aqroparklarda sahibkarlar üçün əlverişli biznes və investisiya mühiti yaratmaq üçün dövlət tərəfindən müxtəlif dəstək tədbirləri mövcuddur. Belə ki, sahibkarlara təşkilati dəstəklə yanaşı vergi və gömrük güzəştləri, eləcə də hazır infrastrukturla təminat təklif olunur. Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Sənaye parklarında dövlət vəsaiti hesabına müasir və geniş infrastruktur təchizatı rezidentlərə “birbaşa qoşulma” (“Plug&Play”) prinsipi əsasında təklif olunur. Dövlət vəsaiti hesabına yaradılmış müasir infrastruktur sahibkarlara öz vəsaitlərini birbaşa layihəyə investisiya olaraq yönəltmələrinə imkan yaradır.
İnvestisiya imkanları
- Sənaye parklarında tam infrastrukturla təmin edilmiş torpaq sahələri sahibkarlara uzunmüddətli icarəyə verilir.
- Sənaye məhəllələrində tam infrastrukturla təmin edilmiş torpaq sahələri, həm də hazır tiklilər sahibkarlara uzunmüddətli icarəyə verilir.
- Dövlət aqroparklarında zəruri infrastrukturla təmin edilmiş torpaq sahələri sahibkarlara uzunmüddətli icarəyə verilir, özəl aqroparklarda isə infrastrukturun təmin edilməsi ilə bağlı tədbirlər görülür.
Maliyyələşmə mexanizmləri
- Sahibkarlığın İnkişafı Fondu tərəfindən hər il Fondun Müşahidə Şurasının qərarı ilə müəyyən edilmiş prioritet istiqamətlər üzrə güzəştli kreditlər müvəkkil kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatı, kredit ittifaqı və s.) vasitəsilə verilir. Daha ətraflı məlumat Fondun internet səhifəsindən əldə oluna bilər.
- Azərbaycan İnvestisiya Şirkəti 5-7 il iştirak müddəti əsasında layihənin 30%-dək maliyyələşməsini təmin edə bilər. Mexanizm və prioritet sahələr barədə məlumat Şirkətin internet səhifəsindən əldə oluna bilər.
Rezident olmaq üçün
Sənaye zonalarında və aqroparklarda investisiya layihəsi həyata keçirmək istəyirsiniz? Müraciət etmək üçün bu keçiddən istifadə edin.
İqtisadi Zonaların İnkişafı Agentliyinə hansı sənədləri təqdim etməlisiniz? İnvestisiya layihəsi - Biznes Plan. Biznes Plana dair tələblərlə buradan tanış ola bilərsiz.