İşğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarının rezidentləri 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. Bundan başqa işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlar üçün əlavə güzəştlər də tətbiq edilir.
Belə ki, əlavə güzəştlərə:
- Sosial sığorta haqlarının subsidiyalaşdırılması;
- İşğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərə hər il 5 gün əlavə məzuniyyət verilməsi, aylıq vəzifə maaşına əlavələrin hesablanması, 600 manat birdəfəlik müavinət verilməsi;
- İş icazələrinin alınmasının sadələşdirilməsi;
- Əmək miqrasiyası kvotasının tətbiq edilməməsi (əcnəbi mütəxəssislərə əmək miqrasiyası kvotasının 5 il tətbiq edilməməsi) də daxildir.
Həmçinin işğaldan azad edilmiş ərazidə fəaliyyət göstərəcək sahibkar tərəfindən istehsal prosesində istifadə ediləcək bir sıra xammal və materialların idxalı 10 il müddətinə ƏDV-dən azad olunurlar.